Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
25 İyul , 2022
25 iyul 2022-ci il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında öz şeirləri ilə xalqı milli azadlığa səsləyən böyük şair Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi.
Tədbirdə kitabxana əməkdaşları və fəal oxucuları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Günay Süleymanova çilli istiqlal şairi Əhməd Cavadın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilmişdir. Təsadüfi deyildir ki, onun «Çırpınırdı Qara dəniz!» şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi 75 ildən çoxdur ki, dost və qonşu Türkiyənin ən önəmli marşlarından biri kimi hər səhər, hər axşam radiolarda, televiziyalarda səslənməkdə, rəsmi tədbirlərdə, məclislərdə, mərasimlərdə, təntənəli ziyafətlərdə ifa olunmaqdadır.Böyük şair Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qaldı, hüquqları çeynənən bir ölkənin haqq səsi oldu. Təqiblər, məhbəsdəki işgəncələr onun iradəsini qıra bilmədi. O, bir dəfə də olsun xalqına və qələminə xəyanət etmədi. Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalmış və bu yolda şəhid olmuş vətənpərvər kimi, Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək, daim yaşayacaq…
Sonda sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Aşağıdakı keçidlərə daxil olaraq tədbirin görüntüləri ilə tanış ola bilərsiniz:


Foto Qalereya