Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
1 Sentyabr , 2015

Zəngilan

Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1930-cu ildə təşkil olunmuşdur.

29 oktyabr 1993-cü ildə erməni sillahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.

Rayonun ərazisində 60-70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və е. ə. IV-II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən Qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-Şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, о cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir. 60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılmışdır.

1962-ci ildə orada tapılan və saxsı qabda olan əşyalardan bir neçəsini əldə edən filologiya elmləri namizədi A. Həsənovun tədqiqatlar və araşdırmaları nəticəsində müəyyən edilir ki, bu sikkələr eramızdan əvvəl IV-II əsrlərə aiddir. Məlum olur ki, bu sikkələr bürünc ellin (yunan) pullarıdır. Rayonun “Şəhid Məhəmməd” adlı yerində tapılan sikkələr də bunu təsdiq edir. Bu sikkələr tədqiq edilib oxunduqdan sonra müəyyən edilmişdir ki, bunların üz tərəfində hökmdarın başının şəkli həkk olunub. Arxa tərəfdə isə qədim Yunan allahlarından Zevs, Poseydon və Dionisin bütöv şəkli verilib. Şəkillərdə yan tərəflərdə yunanca Bazilevs (hökmdar) sözü yazılıb. Sonra isə hökmdarın adı ona verilən təşbehlər-epitellər həkk olunmuşdur. Bu dövrdə ellin padşahlarını ilahiləşdirmək üçün onların adlarına təşbehlər artırırdılar.

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, Şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilandan Genlik, Aladin, Dəlləkli qeyd olunur. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosoialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.

Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur.

1967-ci ildə Zəngilana Şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, 79 kənd olmuşdur.

Öz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.