Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
18 Sentyabr , 2015

18 sentyabr 2015-ci il tarixində Nərimanov rayon MKS-də Milli Musiqi Günü ilə əlaqədar olaraq "Üzeyir irsi Milli sərvətimizdir" adlı sərgi, söhbət keçirildi. 

Söhbətdə kitabxananın əməkdaşları və fəal oxucuları iştirak etdilər.

Söhbəti giriş sözü ilə açan Oxuculara xidmət şöbəsinin bölmə müdiri Mehri Rəhimova Milli Musiqi Günü, dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında geniş məlumat verərək qeyd etdi ki, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. 
1995-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. 

Daha sonra çıxış edən Biblioqrafiya proseslərinin avtomatlaşdırması şöbəsinin müdiri Reyhan Güləliyeva bildirdi ki, Ü. Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələmişdir. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar. 

Sonda məktəbli oxucular şeirlər söyləyib, sərgi ilə tanış oldular.