Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
3 Mart , 2016

Hər il mart ayının 3-ü Beynəlxalq vəhşi təbiət günü kimi qeyd olunur.

Bu barədə 2013-cü il dekabrın 20-də BMT Baş Məclisinin 68-ci sessiyasında qərar qəbul edilib. Tarix isə təsadüfi seçilməyib. Məhz 1973-cü il martın 3-də nəsli və kökü kəsilmək üzrə olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq ticarət haqqında Konvensiya (CİTES) qəbul olunub.

Bu əlamətdar gün vəhşi təbiətə diqqət yönəltməyə imkan verir, habelə təbiətin mühafizəsi ilə məşğul olan insanların məlumatlılığını artırmağa kömək edir. Bundan başqa, bu gün bizə vəhşi təbiətə qarşı cinayət törədənlərlə mübarizənin gücləndirilməsinin zəruriliyini xatırladır.

Vəhşi fauna və flora növləri ilə qanunsuz ticarət dövriyyəsi müasir dövrün mühüm problemlərindən biridir. Ekspert qiymətləndirmələrinə görə, beynəlxalq bazarda vəhşi nadir heyvanların həcmi ildə təxminən 17 milyard avro təşkil edir.

Konvensiya yox olmaq təhlükəsi altında olan vəhşi fauna və flora növləri ilə beynəlxalq ticarət haqqında, eləcə də vəhşi təbiətin mühafizəsi üzrə ən iri sazişlərdən biri sayılır. Konvensiyanın məqsədi budur ki, beynəlxalq ticarət zamanı vəhşi heyvanlar və bitkilərin həyatda qalmasına təhlükə yaranmasın.

Hazırda 180 dövlət CİTES-in üzvüdür. Vəhşi heyvan və yabanı bitki növləri CİTES-in siyahısına düşən kimi nəzarətə götürülür. Nəzarətin dərəcəsi isə həmin bitki və heyvanların statusundan asılı olur. Qeyd edək ki, bu gün CİTES 35 min fauna və flora növü və onlardan hazırlanmış məmulatlarla beynəlxalq ticarəti tənzimləyir.

 




 \