Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
14 Mart , 2016
Bir çox ölkələrdə 14 Mart Ümumdünya çaylar günü (Day of Action for Rivers) kimi qeyd olunur. Əvvəllər bu günü Beynəlxalq bəndlərə qarşı, çaylar, su və həyat uğrunda mübarizə günü (International Day of Action Against Dams and for Rivers, Water and Life) adlandırırdılar.
1998-ci ildə, bəndlərə qarşı dünya hərəkatının başladığı dövrdə, bu gün dünyanın 20-dən çox ölkəsində, o cümlədən Braziliya, Hindistan, Tayland, Avstraliya, Rusiya, Yaponiya, ABŞ-da, 50-dən çox etiraz aksiyası keçirilmişdir.
Birinci il 10.000-dən çox qayğıkeş insan bu etiraz aksiyalarında iştirak etdi. Növbəti il  iştirakçıların sayı 100.000-dən çox oldu.
Dünyanın 177 ən böyük çayından (ümumi uzunluğu min kilometrdən artıq) yalnız üçdə bir hissəsinin üzərində heç bir bənd və ya digər qurğu yoxdur. 21 böyük çayın mənbəyindən mənsəbinə qədər üzəri tamamilə boşdur. Konqo, Amazon və Lena kimi  böyük çayların 43 böyük qolunun üzərində bənd yoxdur. Çaylarda bəndlərin tikilməsi bütün planetin təbiəti üçün təhlükəli tendensiyadır. Bundan əlavə iri bəndlərin dağılmasının hansı nəticələrə səbəb ola biləcəyini (o cümlədən mümkün qurbanların və dağıntıların miqyasını) də dərk etmək lazımdır. Üzərində bənd olmayan çayların əsas hissəsi Asiyada, Cənubi və Şimali Amerikada yerləşir. Avstraliya və Okeaniyada belə çayların sayı üçə bərabərdir. Avropada isə yalnız bir ədəd bəndsiz çay var – bu Rusiyanın ərazisində yerləşən Peçora çayıdır.  Ümumdünya Su Forumunun proqnozlarına görə, növbəti 15 il ərzində dünyadakı hər dördüncü böyük çay üzərində bəndlər tikiləcək. Lakin bəndlərə qarşı mübarizənin fəal iştirakçıları öz fəaliyyətlərini davam etdirərək dünyanın müxtəlif ölkələrində bəndlərin sökülməsinə nail olurlar.

Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar:

  • Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları;
  • Azərbaycanın bilavasitə orta Xəzərə axan şimali-şərq çayları;
  • Bilavasitə Xəzər dənizinin cənubuna axan cənubi-şərq çayları.

Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylarıdır.

Çayları bir-birindən fərqləndirən iki böyük qrupa bölmək olar: dağ çayları və düzənlik çayları.

Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000-3500 m. hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.
Düzənlik çayları başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Axınları əyri-üyrü və sakit olan bu çaylar öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Lakin Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanması əsasən dağ çayları, bulaq və yerüstü suların hesabına həyata keçir. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.