Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
1 Aprel , 2016
1 aprel dünyada təkcə gülüş günü kimi deyil, həm də Beynəlxalq quşlar günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Bu gündə məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar. Beynəlxalq statistikaya görə, dünyada 100 mindən çox quş növü var. 
Azərbaycanda isə 363-dən çox quş növü qeydə alınıb. Azərbaycan Ornitoloji Cəmiyyətdən verilən məlumata görə, ölkəmizdə qeydə alınan növlər 17 dəstə və 60 fəsiləyə mənsubdur. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10% -dən çoxu köç vaxtı qeydə alınan növlərdir. 

Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub- Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.
                                  

Respublikamızda yaşayan 36 növ quş Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilib. Azərbaycan ornitofaunasından 23 növ quş «Dünya Qırmızı Kitabı»na daxil edilib. Azərbaycan Ornitoloji Cəmiyyətdən bildirilib ki, ölkəmizdə quşlar üçün əsas təhlükə onların yaşayış yerlərinin azalması, meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ovlanması, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatçılıq amilləridir (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.). Bundan başqa, dənizdə neft çıxarılması və daşınması, elektirik xətlərinin çoxalması da quşlara təhlükə mənbələri sayılır.