Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
4 Aprel , 2016
Vətən bizim yaşadığımız kənddən, şəhərdən qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, çoşqun çaylardan, mavi göllərdən başlanır.
Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.
Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən.
Biz ana dedikde vətəni, vətən dedikdə anamızı düşünürük. Çünki vətən də bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır.
Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur, heç vaxt öz təravətini və gücünü itirmir və elə buna görədir ki, insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır, göyün bütün işığı və nuru onun qəlbinə, fikrinə dolur. Biz də bütün qəlbimizlə ana ocağı, ata yurdumuz Azərbaycana – Odlar diyarına, bu müqəddəs torpağa bağlı olmalıyıq. Onun fərəhi bizim fərəhimiz, onun kədəri bizim kədərimizdir.
İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir.Sonsuz əngəlliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər, hələ beşikdə çırpınan balaca körpələrimizin qəlbləri ancaq bu nəğməni zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə də oxuyanlar olub. Bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlar da.

 

Biz öz Vətənimizi – doğma Azərbaycanımızı hədsiz məhəbbətlə sevirik. Bizim müqəddəs borcumuz Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sinəmizi sipər edib onu qorumaqdır. Xüsusən indiki vaxtda , Vətən ərazisinin 1/5 hissəsinin yağı tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və biz bütün qanımızla, bütün canımızla onu qorumağa hazır olmalıyıq. Vətəni qorumaq , onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi, vətəndaşlıq borcudur.
Vətən sevgisi nədir? İlk baxışdan mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir. Vətəni sevmək, Vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim də Vətən üçün yaşaya, öz əməli ilə Vətənin şöhrətini artıra bilər. Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun. Əsgər döyüş meydanlarında vuruşur, Vətən qarşısında borcunu səngərdə yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti artır. Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər.
Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, Vətənlə bağlıdır. Vətən borcu vətəndaşlıq borcudur.
Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə, canı və qanı ile sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını da verməyə hazırdır. İnsan həyata bir dəfə gəlir və bir dəfə nə vaxtsa köçüb gedir. Lakin Vətən uğrunda canıdan keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, hər zaman şərəflə yad edilirlər.
Ana Vətənimiz Azerbaycan Cavanşir, Babək, Koroğlu, Mehdi, Qafur, Həzi kimi igidlər yurdudur. Bu qəhrəmanlar Vətəmizin azadlığı, xoş həyatı naminə mübarizə aparmış, bu yolda öz canlarını da qurban vermişlər.



Vətən müqəddəsdir, vətən əzizdir. Bizim bütün sevgilərimizin əvvəli də, axırı da vətənlə bağlıdır.
Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. O tale qismətidir, ulu yaradan tərəfindən bizlərə bəxş olunub. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlaımızın ruhları dolaşır. Bu vətəni bizlərə babalarımız ərmağan etmişlər. Əcdadlarımız onun uğrunda vuruşmuşlar, qan tökmüşlər, yağılardan qorumuşlar. Bu vətəndə övladlarımız dünyaya gələcək.
Biz də öz ölkəmizin vətəndaşıyıq. Vətən qarşısında biz də bütün həyatımızı, bütün varlığımızı borcluyuq. Lazım gələrsə, vətən uğrunda hər an canımızı qurban verməyə hazırıq. Bu, bütün vətənini sevənlərin fikridir. Biz hər an vətənin keşiyindəyik, hər an canımızla, qanımızla onu müdafiyə etməyə hazırıq