Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Yağləvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində, sonra Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır.
Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", Xurşidbanu Natəvan, Nəvvab, "Nida" adlı televiziya filmləri çəkilib.
Ənvər Çingizoğlu 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayındanAzərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də "Soy" dərgisinin baş redaktorudur.
Ənvər Çingizoğlu mütəmadi olaraq ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.
Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri,mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.
Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycan, İran və Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.
Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən dəyərləndirilir.
Ənvər Çingizoğlunun elmi-tədqiqat fəaliyyəti başlıca olaraq iki istiqamətdə aparılır:
- Azərbaycan xalqının soy-kökünün araşdırılması;
- Azərbaycan xanlıqları tarixinin tədqiqi.
