Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Uşaq nağılları
2 İyun , 2017
Günlərin bir günündə el dağdan arana köçürdü. Bir keçi, bir dana, bir qoyunun bundan xəbəri yox idi. Özlərini xəlvət bir yerə verib otlayırdılar. Heyvanlar bir vaxt başlarını qaldırıb gördülər ki, lələ
köçüb, yurdu qalıb; bir-birilərinin üzünə baxdılar. Dana ağlayıb dedi:
-Keçi qardaş, qurd gəlib bizi yeyəcək. Tez bir çarə elə.
Keçi dedi:
- Gedək bir daxma tapıb girək içinə.
Hər üçü buna razı oldu.
Çox gəzdilər, az gəzdilər, dana bir ayı dərisi, keçi bir qurd dərisi, qoyun da bir tülkü dərisi tapıb büründü.
Bir xeyli gəzəndən sonra bir daxma tapdılar.
Sevinə-sevinə içəri girib gördülər ki, bir ayı, bir qurd, bir də bir tülkü oturub söhbət eləyir.
Ayı onları görcək sevinib dedi:
-Tülkü baba, qalx bir odun gətir.
Tülkü gedib odun gətirdi. Ayı onu sinəsinə basıb dedi:-Dınqır sazım, dınqır sazım, bir dana yemişəm, biri də bacadan düşdü.
Qurd odunu ayıdan alıb dedi:
-Dınqır sazım, dınqır sazım, bir keçi yemişəm, biri də öz ayağı ilə gəldi.
Sonra odunu tülkü aldı:
-Dınqır sazım, dınqır sazım, bır qoyun yemişəm, birini də yeyəcəm.
Bu sözləri eşidən keçi qoyuna dedi:
-Qalx mənə bir odun gətir.

Картинки по запросу hiyləgər keçi nağılı

Qoyun keçiyə bir odun verdi. Keçi odunu sinəsinə basıb bəyirdi:
-Dınqır sazım, dınqır sazım, bir qurd yemişəm, dərisinə bürünmüşəm, birini də yeyəcəyəm.
Odunu danaya verdi. Dana bir şıllaq atıb dilə oxudu:
-Dınqır sazım, dınqır sazım, bir ayı yemişəm, dərisinə bürünmüşəm, birini də yeyəcəyəm.
Dana da odunu qoyuna verdi, qoyun söylədi:-Dınqır sazım, dınqır sazım, bir tülkü yemişəm, dərisinə bürünmüşəm, birini də yeyəcəyəm.
Tülkü bu sözü eşidən kimi götürüldü. Onun dalınca qurd daban aldı, ayı da onlara baxıb qaçdı.
Keçi yoldaşlarına baxıb dedi:
-Bu kələklə ölümdən qurtardıq. Gəlin qaçıb aradan çıxaq. Onlar yolda fikirləşəcək, geri qayıdıb bizi yeyəcəklər.
Keçinin fikrini bəyənib yola düşdülər. Bir az getdilər. Qabaqlarına bir qaya çıxdı. Dırmaşıb qayanın başına çıxdılar, orada uzandılar.
Ayı, qurd və tülkü də bir xeyli qaçdılar. Sonra bir ağacın dibində durdular. Qurd dedi:
- Ədə, qoyun, keçi, dana bizi yeyə bilməz. Onlar bizə kələk gəliblər. Qayıdın gedək, üçünü də yeyək.
Qayıdıb daxmaya girdilər, gördülər ki, lələ köçüb yurdu qalıb. Onların izi ilə gedib qayaya çatdılar. Gördülər ki, keçi, qoyun, dana qayanın başındadı. Ayı gözlərini aşağıdan yuxarı bərəldəndə dana bərk qorxdu, ayağı sürüşüb tappıltı ilə qayadan düşdü. Bunu görən keçi səsi gəldikcə bağırdı:
-Dana qardaş, sən ayını bərk tut qaçmasın, biz də qurdla tülkünü tutaq.
Tülkü keçinin bu sözlərini eşidən kimi qaçdı, onun dalınca qurd, qurdun dalınca ayı götürüldü. Keçi, dana, qoyun o ki var güldülər...

Картинки по запросу hiyləgər keçi nağılı