Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Uşaq nağılları
11 Avqust , 2017
Səfər adlı yoxsul bir kişi var idi. Səfər kişinin bir oğlu, bir arvadı var idi. Bir də var-dövlətdən bir inəyi var idi. Səfər kişinin peşəsi çöldən biyan çıxardıb satıb külfətini dolandırmaq idi.
Səfər kişi bir gün yenə çölə biyan çıxartmağa getmişdi. Çöldə biyan qazanda, gördü biyanın dibində bir qızıl ilan yatır. Qızıl ilan Səfər kişini görüb ayıldı, dedi:
– Ay kişi, bu biyan qazıyıb satmaqla gündə neçə qazanırsan?
Səfər kişi köksünü ötürüb dedi:
– Ay başına dönüm, gündə bu biyan qazımaq ilə ikicə şahı qazanıram.
İlan dedi:
– Gündə iki şahı qazanmaq ilə külfətini necə dolandıra bilirsən?
Sən gündə mənə bir qab süd gətir mən içim hər gün sənə bir ləl verim, apar xırdala, dolan.
Səfər kişi baş üstə deyib, qızıl ilana baş endirib getdi.
Sabahı bir qab süd gətirdi, qoydu bir kolun dibinə. Qızıl ilan gəldi, südü içdi, ağzından bir ləl qabın içinə saldı getdi. Səfər kişi ləli götürüb sevinə-sevinə evinə gəldi. Apardı bazarda ləli xırdaladı, evinə əyər-əskik aldı.
Səfər kişi sabah yenə qızıl ilana süd apardı. Qızıl ilan gəldi, südü içdi, qaba yenə bir ləl saldı, getdi. Səfər kişi ləli götürüb getdi, xırdaladı, yenə evinə ərzaq aldı. Səfər kişi bu yolla hər gün ilana süd aparır, bir ləl alır, gözəl dolanırdı. 

Картинки по запросу Qızıl və ilan 
Bir gün Səfər kişi qırx günlük səfərə gedəsi oldu. Oğlunu yanına çağırıb dedi:
– Ay oğul, mən səfərdən gələnə kimi hər gün anan südü sağsın, mən biyan çıxartdığım yerdəki kolun dibinə qoy. Bir qızıl ilan gələr, südü içər, qaba ləl salar gedər, sən ləli gətir, anan qoysun sandığa saxlasın. Səfər kişi bu sözü deyib getdi səfərə.
Sabahı oğlan bir qab südü sağdırıb apardı atası deyən kolun dibinə qoydu. Qızıl ilan çıxdı, gəldi südü içdi, qaba bir ləl saldı getdi. Oğlan ləli gətirdi anasına verdi. Oğlan sabah yenə süd apardı, yenə ləl gətirdi, oğlan bir neçə gün belə elədi, axırda bezikdi. Dedi:
– Elə bir yolluq vuraram, qızıl ilan ölər, bütün ləllərini gətirərəm evimizə.
Oğlan sabah bu fikirlə bir qab süd apardı, qoydu kolun dibinə.
İlan gəldi südü içdi, bir ləl salıb qaba, qayıdanda oğlan vurdu, qızıl ilanın quyruğu qırıldı. Qızıl ilan çevrildi vurdu, oğlan yandı kül oldu.
Qırx gün tamam oldu Səfər kişi səfərdən qayıtdı. Oğlunu evdə görmədi. Arvadından oğlunu xəbər aldı. Arvad dedi:
– Bir neçə gün bundan qabaq süd apardı getdi, geri qayıtmadı.
Səfər kişi tez süd götürüb gəldi, südü kolun dibinə qoydu. Qızıl ilan gəldi, südü içdi, ləl salmadı, getdi girdi yuvasına. Üzünü Səfər kişiyə çevirib dedi:
– Bir də buraya gəlmə, səni vuraram, yanıb kül olarsan.
Səfər kişi qorxa-qorxa dedi:
– Mənim nə günahım var ki, vurub kül eləyirsən.
Qızıl ilan dedi:
– Bundan artıq nə günahın olacaq. Bizim aramızda olan sirri özgəsinə verdin, indi hanı mənim quyruğum, hanı sənin oğlun? Bundan sonra bizim dostluğumuz tutmaz. Sənin sinəndən oğul dağı getməz, mənim sinəmdən quyruq dağı getməz.
Qızıl ilan bunu deyib yuvasına girdi, yazıq yoxsul Səfər kişi də kor-peşman evinə qayıtdı. Yenə biyan çıxardıb kasıblıqla dolanmağa, ömür sürməyə, gün keçirməyə başladı.
Göydən üç alma düşdü, biri bacadan baxanlara, biri nağılı söyləyənlərə, biri də nağıla qulaq asanlara.
Olar yedilər, içdilər, yerə keçdilər, biz yedik, içdik, dövrə keçdik.

Картинки по запросу Qızıl və ilan