Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Uşaq nağılları
21 Sentyabr , 2017
Bir gün üç  bulud mavi səmada seyrə çıxmışdı. Onlar  bütün dünyanı gəzib dolandılar,  hər şeyi, hər yeri gördülər. Sonra darıxmağa başladılar. Fikirləşdilər ki, nə işlə məşğul olsunlar. Nəhayət, mərc gəldilər: görək onların hansı biri  insanların tərifini qazanacaq.
Buludların ən irisi  böyük bir şəhərə yollandı. Şəhərin üzərində dayanıb gur yağış səpələdi, hər tərəfi yumağa başladı. Aramsız yağan yağış torpağı, maşınları, damları döyəclədikcə bulud fikirləşirdi:
-Mən indi  şəhəri tərtəmiz yuyaram, adamlar da gülümsəyib mənə “sağ ol” deyərlər.
Bulud elə hey yağış yağdırırdı. Amma fikirləşmirdi ki,  şəhəri selə-suya qərq  edir. Körpülər suyun altında qalmışdı. Maşınlar yolda hərəkət edə bilmirdi. İnsanlar tamamilə islanmışdılar və heç kəsin üzündə  təbəssüm görünmürdü.
-Eh,  mərci uduzdum, -deyə birinci bulud  köksünü ötürdü və  dostlarının yanına qayıtdı.
İkinci bulud çox diribaş idi. O, dənizə tərəf uçdu və qızmar günəş altında balıq tutan balıqçılara dedi:
-Ey balıqçılar, mən sizə kömək edərəm. Görürəm ki,  sizə çox istidir. Günəş yandırıb-yaxır. Bu saat yağış yağdırıb sizi  sərinlədərəm.
Elə yağış yağdırdı ki, bütün qayıqlar  su ilə doldu. Balıqçılar  isə əsla sevinmədilər. Buluda acıqlanıb dedilər:
 - Çıx get, bulud! Sən bizim işimizi korladın. Balıqlar qaçıb  getdilər.
İkinci bulud kədərlə dedi:
-Eh, mən də  uduzdum.
Növbə üçüncü buluda çatdı.
- Yəqin  ki mən də  heç kimi sevindirə bilməyəcəm, -deyə  üçüncü bulud düşündü. - Axı  çox balacayam.  Yağışım da çox azdır.
Balaca bulud kiçik bir kəndə yollandı. Meşənin üstündə bir az yağış səpələyib dayandı.  Günəş  heç nə olmamış kimi torpağı  qızdırmağa başladı.
Balaca bulud  nəfəsini dərib bir az gözlədi və yenidən işə başladı. Yerə daha bir neçə damcı yağış çilədi.  Dostlarının yanına qayıdıb dedi:
-Eh, mən də mərci uduzdum!
Buludlar dedilər:
-Necə yəni uduzdun? Bax, gör insanlar necə şənlənirlər.
Balaca bulud  aşağı boylandı və heyrətə gəldi! Doğrudan da, adamlar sevinc içində gah evə, gah meşəyə qaçırdılar. Dolu zənbilləri evə boşaldıb yenidən meşəyə qayıdırdılar.  Tullanır, qaçışır,  göbələkləri qurutmaq üçün hasardan asırdılar.  Onlar bir-birlərinə  deyirdilər:
-Nə yaxşı bulud idi! Meşədə o qədər göbələk var ki, yığmaqla qurtaran deyil.

Картинки по запросу üç bulud