Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Dünya ədəbiyyatı
13 Dekabr , 2017
Heyne öz əsərləri ilə gündəlik alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne dövründə tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir.
Heyne Düsseldorf şəhərində yəhudi tacir Samson Heynenin və Betti Heynenin ilk övladı kimi dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış və burada da balaca Henrixdə xristian dininə rəğbət yaranmış və bu rəğbət onu bütün həyatı boyu izləmişdir.

Heynenin valideynləri oğullarını Napoleon ordusunun generalı kimi görmək istəsələr də, məğlubiyyətdən sonra onlar onun üçün tacir peşəsini seçirlər. 1816-cı ildə o milyonçu əmisi Solomon Heynenin yanına ticarət işini öyrənməyə yollanır. Ancaq gənc Heyne nə yerli ticarətdə, nə Frankfurt-Maynda heç bir ümid verici fəaliyyət göstərmir. Bu arada artıq Heyne özünü şair kimi tanımış və ticarət işindən uzaq olduğunu anlamışdı.

Bu dövrdə yazdığı və əsas əmisi qızı Amaliyaya olan nakam məhəbbətindən bəhs edən şeirləri və məktubları dəhşət romantikasından bəhs edirdi. Onun üçün sonrakı romantizm motivləri məhəbətt-ölüm, ikilik, dəhşətli yuxular və s. səciyyəvi idi.

Henrixdən heç bir ticarətçi alınmayacağını görən qohumları tezliklə ona universitetdə təhsil almağa imkan yaradırlar. 1819-cu ildə o Bonn şəhərində Şleqelin "Alman dilinin tarixi və poeziya" mövzusunda mühazirələrini dinləyir. Bununla da Şleqel Heynenin romantik meyillənməyə sövq etməsinə təsir göstərir. Heynrix Heyne Bayronun şeirlərini tərcümə edir və eyni zamanda romantik stilin incəliklərinə yiyələnir. O, romatizm haqqında məqalələr yazır. Sonralar Bonnda daha bir müəllimi Morits Arndt da onun şairlik yolunu seçməsində önəmli rol oynayır.

1820-ci ildə Heyne Qöttingen şəhərindəki universitetə gedir. 1821-ci ildə o, bu universiteti duel əhvalatına görə tərk etməli olur. Heyne o dövrdə Almaniyada yəhudilərə qarşı olan münasibətə görə öz əslini gizlətməyə çalışan Heyne onu yəhudi olduğuna görə təhqir edən tələbə yoldaşını duelə çağırır. Bundan xəbər tutan Universitet onu təhsildən tam xaric edir, qarşı tərəfi isə bir semestr təhsildən kənarlaşdırır.

Henrix Heyne nəticədə Berlinə köçməli olur. O burada 1821-1823-cü illərdə filosof Hegelin yanında təhsil alır. Bu müddətdə Heyne şəhər ədəbi dairəsi ilə kontakt yaradır və orada Varnhaqen ailəsi ilə tanış olur. Xanım Rahel və onun əri Karl Varnhaqen fon Ensenin onun şair kimi yetişməsində böyük rolları olur. Onlar Haynenin ilk ədəbi əsərləri haqqında müsbət fikirlər söyləyirlər. Varnhaqen fon Ense vəfatına kimi Hayne ilə məktub əlaqəsində olur. Berlində olduğu müddətdə 1822-ci ildə onun şerlər kitabı, 1823-cü ildə isə "Fəlakət" kitabı çapdan çıxır.

1822-ci ildə Hayne Berlindən Poznan şəhərinə səyahət edir. O, burada ilk dəfə olaraq İudaizmin Hassidi cərəyanı ilə yaxından tanış olur. Bu Hayneni heyran etsə də, o özünü yəhudi varlığı ilə identifikasiya edə bilmir. 1823-cü ildə xristian dinini qəbul etməzdən əvvəl o dostu İmmanuel Vohlvilə yazmışdır:"Mən nə uzun saqqal gəzdirməyə qadir deyiləm ki, məni yəhudi keşişi deyə çağırsınlar, və nə də mən oruc tuta bilmərəm"

Onun ilk şeirləri artıq 1816-cı ildə Hamburqda olarkən Froydhold Rizenharf (Freudhold Riesenharf) təxəllüsü ilə çap olunmuşdur. H.Heyne kimi onun ilk şeiri 1821-ci ildə Berlində işıq üzü görür.1824-cü ildə 33 şeirdən ibarət topluda Heyneni məşhur edən əsərlər də (Su pərsi) özünə yer tapır. Həmin il Vaymara çox hörmət etdiyi Volfqanq fon Qötenin yanına gedir. Hələ iki il öncə o, Qöteyə ilk şeirlər kitabını onun haqqında yazdığı giriş sözləri ilə göndərmişdir. Görüş Heyne üçün məyusedici şəkildə keçir. Çünki, o bu görüşdə özünü solçu, təbii göstərsə də Qöte ondan mədəni şəkildə məsafə saxlamağa çalışır.

1826-ci ildə Heyne "Harts səfəri" adlı kitabını çap etdirir. Bu ona böyük uğur gətirir. Həmin il onun Hoffman və Kampe nəşriyyatı ilə iş əlqəsi yaranır. Bundan sonra Yulius Kampe Heynenin vəfatına qədər onun əsərlərini çap edən şəxs kimi qalır. O 1827-ci ildə Heynenin şöhrətinin əsası sayılan Lirik mahnılar məcmuəsini çap edir. Burada romantik, çox vaxt xalq dilində yazılmış şeirlər heç də yalnız o dövrün hisslərinə toxunmurdu.

Heyne çox vaxt şeirlərində siyasi motivləri də ironik şəkildə təsvir edirdi. 1827-28-ci illərdə o Londona və İtaliyaya səfəri zamanı gördüklərini "Səyahət tәәssüratları" əsərində çap etdirir. "Le Grand" kitabında Heyne Napoleona olan rəğbətini açıqlayır və fransız inqilabının nailiyyətlərindən söhbət açır. 1827-ci ildə onun əsərlərinə Almaniyada yasaq qoyulmuşdur. Artıq 1830-cu illərdə Heyne Almaniyada və Avropada istedadlı şair kimi ad qazanmışdır.

Onun xəstəliyi artıq 1845-ci ildən güclәnmәyә başlamışdır. Əmisi Solomonun vəfatından sonra ona vəd etdiyi aylıq pul almaq üzrə gedən çəkişmələr onun sağlamlığına mənfi təsir göstərmişdir. 1847-ci ildə o qohumları ilə əlverişli razılaşma əldə edir. Heynenin sağlamlığı artıq bu dövrdə sual altında idi. Müxtәlif kurortlara getmәsinә baxmayaraq o heç bir irəliləyişə nail ola bilmir.

1848-ci ildə Heynenin səhhəti kəskin pisləşir. Əsəblərindən әziyyәt çəkən şair yatağa düşür. Yataqda olduğu illəri o "Yataq qəbri (Matratzengruft)" adlandırır. Heyne özünün sifilis xəstəliyinə tutulmasını desə də, onun vəfatından sonra evində olan sənədlərin araşdırılması daha çox vərəm xəstəliyinin əlamətlərini göstərmişdir.

1848-ci ildə ona baş çəkən Engels Heynenin vəziyyətinin çox pis olduğunu yazmışdır. Heyne xəstə olduğu müddətdə də öz yaradıcılığını davam etdirmişdir. O, şeirlərini diktə edərək yanındakı katibəsinin köməyi ilə kağıza köçürdürdü. Bu çətin şәraitә baxmayaraq o, 1851-ci ildə "Romaserro" və 1854-cü ildə siyasi məzmunlu "Qarışıq yazılar" şeirlər kitablarını çap etdirir.

17 fevral 1856-cı ildə Heyne vəfat edir. O, Parisdə Monmartr qәbiristanlığında dəfn edilir. 27 il sonra vəfat edən həyat yoldaşı Matilda da şairin vəsiyyətinə əsasən orada dəfn olunur.