Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Xəbərlər
5 Mart , 2018

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.

Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri bölgələrdə idmanın inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda yeni Olimpiya İdman kompleksləri inşa olunmaqdadır.

Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə öz müsbət nəticəsini göstərib.

Картинки по запросу Bədən tərbiyəsi və İdman günü 

Azərbaycanda idmanın inkişafını Olimpiya Oyunlarında qazanılan medalların sayından da açıq şəkildə görmək olar. 1996-cı ildə Atlanta Olimpiadasında gənc Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afinada idmançılarımızın qazandıqları medalların sayı 5-ə çatmışdı. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 7 medal qazanmış və dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutmuşdu. İdmançılarımız London Olimpiadasında rekord sayda – 10 medal, o cümlədən 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

London Olimpiadasında Azərbaycan paralimpiyaçıları da yüksək nəticələr göstəriblər. Pekin paralimpiadasında cəmi 2 qızıl medal qazanmış paralimpiyaçılarımız Britaniya paytaxtından Vətənə 12, o cümlədən 4 qızıl medalla qayıdıblar.

2015-ci il Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Avropa Olimpiya Komitəsinin tarixdə ilk dəfə keçirilən bu mötəbər yarışa ev sahibliyi hüququnu ölkəmizə həvalə etməsi Azərbaycanın dünyada güclü idman dövləti kimi tanınmasının parlaq göstəricisi idi. Oyunlara hazırlıq üçün cəmi 2,5 il vaxt ayrılmasına baxmayaraq, Azərbaycan dünyanı heyran qoyaraq qısa müddətdə ən müasir standartlara cavab verən, bir-birindən möhtəşəm idman arenalarını inşa etməklə, yarışa yüksək səviyyədə keçirməklə Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Bu mühüm uğuru Azərbaycan idmançılarının qələbələri daha da zirvəyə çatdırdı. Atletlərimiz birinci Avropa Oyunlarında 18-i qızıl, 18-i gümüş, 20-si isə bürünc olmaqla 56 medal qazandılar. Azərbaycan komanda hesabında 50 ölkə arasında ikinci yeri tutdu.

Похожее изображение

Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan 2016-ci ildə bir neçə mötəbər idman yarışına ev sahibliyi edib. 2016-ci ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi, iyunda  “Formula-1” Avropa Qran-pri yarışı, sentyabrda Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Bununla yanaşı, ölkəmiz 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmişdir. Həmçinin 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.

Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.

Картинки по запросу Bədən tərbiyəsi və İdman günü