Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Azərbaycan Xalq Nağılları
3 Oktyabr , 2018

Biri varıymış, biri yoxuymuş, bir padşah varıymış. Bunun varının, dövlətinin həddi-hesabı yoxuymuş, lap harunluq1 eləyirmiş. Bir gün padşah vəzirini hüzuruna çağırıb deyib:
– Vəzir, bilirsənmi nə var?
– Qibleyi-aləm sağ olsun, xeyr, bilmirəm.

 Vəzir, bax, Hatəm2 kimi cahi-cəlal desəm məndə, qoşun desən məndə, qüvvətli pəhlivanlar desən məndə, yeddi iqlim torpağında mənim hökmüm keçir. Hansı padşahı desən onun torpağını at torbasında daşıtmağa gücüm çatar. Amma bununla belə başım fikirdən ayılmır. Gündüzlər gülürəm, danışıram, gecələr sabaha kimi fikirləşirəm ki, yavaş-yavaş saqqalıma dən düşür, günlərin birində başımı yasdığa qoyacağam.
Öləndən sonra yerimdə oğuldan-qızdan bir övladım-zürüyyətim yoxdu ki, taxtı-tacımı ona tapşıram. Odu ki, deyirəm görəsən mənnən də çox fikir çəkən, dərdli adam varmı?
Vəzir söylədi:
– Şah sağ olsun, dünyada dərdsiz, fikirsiz adam tapılmaz.
Bu sözün üstündə padşahnan vəzirin arasında mübahisə başladı, o gündən padşahın adamları şəhərbəşəhər, kəndbəkənd gəzib dərdsiz adam axtardılar. Kimə yaxınlaşdılarsa, gördülər hərənin bir dərdi var.
Axırda gəlib padşaha dedilər:
– Hər yeri gəzdik, dərdsiz adam tapa bilmədik.
Padşah yenə dedi:
– Vəzir, mən inanmıram, gəl təğyiri-libas olaq, çıxaq vilayəti özümüz gəzək, onda taparıq.
Bəli, padşahnan vəzir paltarlarını dəyişib düşdülər bazar-dükəni gəzməyə, ora getdilər, bura getdilər, axırda bir dükənə girib dedilər:
– Salaməleyküm!
Dükənçi dedi:
– Əleyküməssəlam. Ay siz xoş gəlibsiniz, beş gəlibsiniz, deyin görüm nə almaq istəyirsiniz, bu saat gətirim.
Padşah dedi:
– Heç bir şey almaq istəmirik, gəzirdik, elə bir az yorğunluğumuzu almaq üçün bura girdik, bir balaca söhbət eləyək, dərdimiz dağılsın.
Dükənçi qaşqabağını turşudub dedi:
– Vallah oturub danışmağnan keyfim açılası deyil.
Padşah dedi:
– Niyə?
Dükənçi cavab verdi:
– Necə niyə? Neçə vaxtdı ki, malım satılmır. Elə bil heç kimin pulu yoxdu. Mal alan da nisyə aparır, bir qəpik də pul vermir. İndi anbar dolusu malım var, amma çörək almağa pulum yoxdu. Bu halnan nə keyfim olsun.
Padşahnan vəzir gördülər yox, kişinin dərdi var. Yavaşca çıxıb getdilər. Yolda bir bağbana rast gəlib onun keyfini xəbər aldılar. Bağban ahı-zarnan dedi:
– Ay qardaşlar, nə keyfim olacax, var-yox bir bağım varıydı. Padşahın cuvarrarı suyumu kəsib bağı susuz qoyublar. Ağaclarımın hamısı quruyub, tələf olub, indi onun fikrindəyəm ki, görən neyləyim. Padşahnan vəzir burdan da getdilər. Yolları bir ölü məclisinə düşdü. Girdilər yas məclisinə, kimə yanaşdılarsa, dərdsiz adam tapa bilmədilər. Biri dedi:
– Qızım cavan öldü, dünyadan nakam getdi.
O biri dedi:
– Gözümün ağı-qarası bircə oğlumu padşah dar ağacından asdırdı.
Padşah dedi:
– Vəzir, bura yas yeridi, burda hamı dərdli olar, gəl indi də bir toy məclisinə gedək.
Hər ikisi evdən çıxıb bir toy məclisinə getdilər. Qapıdan girən kimi gördülər çalan kim, oxuyan kim, oynayan kim, gülən kim. Bir keyf var ki, gəl görəsən. Padşah dedi:
– Vəzir, biz axtardığımızı tapsaq burda tapacayıq.
Vəzir dedi:
– Qibleyi-aləm sağ olsun, təki elə olsun, amma bu adamların ürəyini burda bilmək olmaz, toydan sonra görərik.
Birdən padşahın gözü bir adama sataşdı, gördü ki, məclisin lap başında bığıburma bir kişi oturub, üzünə baxan kimi başlayır gülməyə, ayağa duranda qolları özündən qabağa gedir, az qalır göyə uçsun. Özü də ona nə qədər deyirlərsə ye, deyir ki, vallah elə gündə evimizdə toydu, indicə yeyib gəlirəm. Padşahnan vəzir ha istəyirdilər ki, bu adamnan danışsınlar, firsət düşmürdü. Bunlar o qədər gözlədilər ki, toy məclisi dağıldı, həmən kişi evinə gedəndə qarabaqara onun dalınca getdilər. Kişi evinə girəndən bir az sonra padşahnan vəzir qapını döydülər. İçəridən bir nəfər gəlib qapını açdı. Qapıya gələnə dedilər:
– Qərib adamıx, gecə qalmağa yerimiz yoxdu. Sizdə gecələməyə yer verərsinizmi?
Ev sahibi dedi:
– Qardaşlar, gecə vaxtı qonağı qapıdan qaytarmazlar, buyurun içəri. Padşahnan vəzir içəri girdilər. Ev sahibi onlara yer görsətdi, oturdular. Qonaxlar baxıb gördülər ki, bu kişinin evi padşahın evindən də qəşəngdi. Padşahın evi bunun yanında ayı balasınnan tikilmiş daxmaya oxşayır. Qapısında qulu, qulluxçusu, evi başdan-ayağa ləl-cavahirat içində. Başladılar söhbətə, bir də gördülər ki, çay-çörək gəldi. Oturub çörək yeməyə başlayanda ev yiyəsi bir ah çəkdi. Padşahnan vəzir qaldılar məəttəl ki, yəqin bunun da dərdi var ki, belə ah çəkir. Odu ki, dedilər:
– Qardaş, niyə ah çəkdin?
Kişi dedi:
– Heç, elə belə.
Padşah nə qədər elədisə, kişi demək istəmədi. Axırda vəzir dedi:
– Qardaş, bizlərdə adətdi, qonağa hörmət eləyərlər, əgər sən dərdini bizə deməsən əlimizi süfrəyə uzatmayacayıx.
Kişi əlacsız qalıb dedi:
– Vallah Allahdan gizlin deyil, bəndədən nə gizlin.
Mənim çörək yeməyə qollarım yoxdu.
Vəzir dedi:
– Bəs axı biz sənin qollarını görürük.
Kişi dedi:
– O gördüyünüz mənim qolum deyil, paltarın qoluna saman doldurmuşam, odu.
Çuxanı kişinin əynindən çıxarıb gördülər doğrudan da qolları yoxdu. Vəzir bu əhvalatı görən kimi barmağını dişlədi. Padşah dedi:
– A kişi, sənin qolunu kim bu günə salıb?
Kişi dedi:
– Bizim bu zalım, ağılsız, hər yalana inanan padşahımız.
Padşah bu sözü eşidən kimi cin vurdu başına, amma özünü saxladı, dedi:
– Axı bir de görüm padşah niyə sənin qolunu kəsdirib?
Kişi dedi:
– Mənim dükənim varıydı, dəmirçilik eləyirdim, özü də ustalıqda adım çıxmışdı, hamı məni tanıyırdı. Bir gün padşahın darğası gəldi ki, padşahın əmrinə görə ona elə bir qılınc qayırasan ki, daşa vuranda iki parça eləsin, bir tük qədər də ağzı əyilməsin. Mən padşaha layiq gözəl bir qılınc qayırdım, sabahı günü oğlan gəlib qılıncı apardı. Üstündən bir gün keçmiş bir də gördüm ki, başdan-ayağa qırmızı geyinmiş iki cəllad dükənə girib elə oradaca qolumu qılıncla vurub saldılar.
Cəlladlardan biri dedi:
– Padşahı alladıb ona sınıx qılınc qayıranın qolların bax belə kəsərlər, padşah özü belə əmr eləyib.
Dedim:
– Mənim qayırdığım qılınc daşı parça-parça eləyir, bu olan iş deyil.
Cəlladlar gedib əhvalatı padşaha söyləyirlər. Padşah inanmır.
Amma padşahın vəziri ağıllı adam idi. O başlayır şübhələnməyə ki, yəqin darğanın qılınca tamahı düşüb, dəyişib, əvəzinə ayrısını verib. Başlayır bu sirri öyrənməyə. Bu tərəfdən də mən hər yerdə padşahın elədiyi zülmü camaata söyləyirdim.
Padşah özünü saxlaya bilməyib dedi:
– A kişi, sənin bu boyda dərdin var idi, bəs niyə üzünə baxana elə hırıldayıb gülürdün?
Kişi dedi:
– Qonax qardaş, bir az səbrin olsun, qoy sözümü danışım, elə bu saat deyəcəydim niyə mən həmişə gülürdüm. Sözümü kəsdin. İndi deyim, onun da səbəbini bil. Elə ki, mən padşaha lənət oxumağa başladım, bu söz gedib padşahın qulağına çatdı. Bu dəfə vəziri yanıma göndərdi ki, əgər bir də mənim zalımlığımnan danışsa, onu dar ağacından asdıracam. Yox, əgər hər yerdə məni tərifləyib, gülüb-hırıl dasa onda onunla işim yoxdu. Vəzir padşahın bu əmrini mənə söyləyəndən sonra mən başladım üzdə həmişə yalannan gülüb-danışmağa, amma ürəyimdə iki dəfə artıx qarğış, tökməyə. Mən gördüm ki, yanıma gələn vəzir həm insaflı, həm də ağıllı adama oxşayır. Odu ki, əhvalatı olduğu kimi ona danışdım. Vəzir dedi ki, arxayın ol, bu iş olsaolsa darğanın kələyidi, mən onu tapacam.
Padşah özünü saxlaya bilməyib bir də soruşdu:
– Qardaş, bəlkə padşahı aldadıblar. Onda nə taxsır var?
Kişi dedi:
– Qonax qardaş, niyə uşağ kimi danışırsan? Elə əsil taxsır ondadı da. Bəlkə biri gəlib yalandan deyəcək ki, mənim xoruzum gündə yüz yumurta yumurtlayır, gərək padşah ona inansın. Belə padşaha ağılsız adam deyərlər. Mən özüm dəmirçi adamam, amma bilirəm ki, padşahın gərək ağıllı, tədbirli, dünyagörmüş adamları ola, onların sözlərini də eşidəndən sonra bir özü yoxlaya, bəlkə elə onu alladırlar. Nə olardı ki, ya padşah, ya da onun adamları məni yanlarına çağırıb soruşaydılar ki, ay yazıx, axı sənin taxsırın nədi? Mən də açıb düzünü deyəydim, onda qolumu da kəsməzdilər.
Padşahla vəzir bir-birinə baxıb gördülər ki, bu kişinin dərdi hamıdan çoxdu. Gecədən xeyli keçmişdi. Odu ki, başladılar yatmağa. Yerə girdilərsə də yata bilmədilər. Vəzir padşaha yaxınlaşıb yavaşca dedi:
– Qibleyi-aləm, yadınıza gəlirmi, bu kişinin qollarının kəsilməsinə siz əmr vermişdiniz...
Padşah dedi:
– Vəzir, yaxşı yadımdadı. Mən indi başa düşürəm ki, elə bütün əmrləri belə vermişəm. Lap əbləh olmuşammış. Yaxşı ki, əbabil quşları mənim qoşunlarımı qırıb çatmayıblar. Öz adamlarıma inanıb, özgələrinin sözünə qulax da asmamışam. Bir də mənim torpağımdakı adamların dərdli, qəmli olmalarının da səbəbi deyəsən elə özüm olmuşam.
Çünki biz rast olduğumuz adamların hamısı padşahın zülmündən danışırlar. Mən bu gündən zalımlığımdan əl çəkirəm. Bundan sonra lap atam da olsa hamıya bir göznən baxacam. Kasıb-kusuba, əlsiz-ayaqsızlara, qocalara, yetimlərə, dullara əl tutacam. Amma vəzir, gərək burdan gedəndən sonra darğanı yoxlayax.
Vəzir dedi:
– Şahım, o işi mən özüm yoxlaram.
Padşah dedi:
– Vəzir, nə yoxlamaq, gedən kimi çağırıb deyərəm qılıncı gətir, o da gətirər, sonra da boynunu vurduraram.
Vəzir dedi:
– Qibleyi-aləm, elə sənin səhvin ordadı ki, kələkbazdan doğruluq gözləyirsən. Axı o bilir ki, qılıncı gətirib sənə görsətsə, işlərin üstü açılacax, onda heç onu gətirərmi? Bu işdə tədbir lazımdı. İndi o tədbiri mən görüm, sən də bax.
Bəli, səhər açıldı, qonaxlar ev sahibinə halal-xoş eləyib gəldilər öz yerlərinə. Padşah dedi:
– Vəzir, indi tədbirini gör görək.
Vəzir dedi:
– Şahım, əmr ver ki, sabah meydanda ox atmax, qılınc vurmax, at çapmax günüdü, kimin yaxşı nəyi varsa çıxartsın. Kimin qılıncı yaxşı kəssə, atı ötsə, ona baxşeyiş veriləcək. Onda darğa da o qılıncı çıxardar, biz də tanıyarıx.
Bəli, padşah o saat əmr verdi. Səhər tezdən meydan doldu adamnan. Padşah, vəzir, vəkil, əyan, əşrəf, hamı yığıldı meydana. Şeypurlar çalındı, iyidlər meydana girdi. Kimi at çapır, kimi qılınc vurur, kimi qalxan tuturdu. Padşahnan vəzirin gözü darğadaydı. Bunlar baxıb gördülər ki, darğanın əlində bır qılınc var ki, baxanda adamın gözünü qamaşdırır.
Özü də kimin qalxanına vurursa iki bölüb, bir qarış da başına yeriyir. Darğa bütün iyidlərin qalxanını qılıncıynan iki bölüb, özlərini də qanına qaltan eləyirdi. Padşah əmr elədi ki, darğanı gətirsinlər.
Darğanı o saat gətirdilər. Padşah qılıncı alıb baxdı, bəli, qılınc ona qayrılan qılıncdı, hələ üstündə adı da yazılmışdı. Padşah qəzəblə darğaya
dedi:
– De görüm, bu qılıncı hardan alıbsan?
Darğa istədi dana, gördü iş-işdən keçib. Taxsırını boynuna aldı.
Padşah o saat əmr elədi. Cəlladlar elə ordaca həmin qılıncnan darğanın boynunu vurub cəhənnəmə vasil elədilər.
http://www.nagillar.az/article/a-187.html