Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Dünya ədəbiyyatı
7 May , 2019
Rabindranat Taqor  Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatıdır.
1861-ci il mayın 7-də Kəlkütə şəhərinin şimalında Corasanko qəsrində zəngin brahman ailəsində anadan olub.
14 yaşında anasını itirən Taqor tənha və qapalı həyat sürüb, səkkiz yaşında şeir yazmağa başlayıb.
Kəlkütədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil alıb və Benqal dilini, tarix və mədəniyyətini dərindən öyrənib.
1878-ci ildə "Şairin tariхçəsi" adlı ilk poeması çap olunub. Daha sonra "Aхşam nəğmələri" (1882) və "Səhər nəğmələri" (1883) poetik məcmuələri ilə məşhurlaşıb. 
Yerli sakinlər arasında "Zəmindar Babu" kimi tanınan şair həmvətənlərinin böyük məhəbbətini qazanmağa nail olub. Kənd həyatı, təkrarsız benqal təbiəti, хalq ənənələri Taqorun şeir və nəğmələrində, xüsusən də "Qızıl qayıq" (1894) və "An" (1900) kitablarında geniş tərənnüm olunur. 
1912-ci ildə Taqor ABŞ-a səyahəti zamanı yolüstü Londonda dayanır. Dəvət edildiyi məclislərin birində şeirlərini ingilis ədəbiyyatşünası Uilyam Rotenstayna göstərir. Bir neçə aydan sonra Londonda Rotenstaynın təşəbbüsü ilə onun "Gitancali" ("Qurbanlıq nəğmələri") kitabı çap edilir. "Gitancali" şairi az bir zamanda ABŞ və Avropada məşhurlaşdırır. 
1913-cü ildə bu kitab sayəsində Rabindranat Taqor "poetik təfəkkürünün müstəsna bir ustalıqla əks edildiyi və Qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, hissiyyat dərinliyi ilə seçilən şeirlərinə görə" Nobel mükafatına layiq görülür. 
1915-ci ildə Taqor Britaniya imperiyasının cəngavəri adına layiq görülür. Dörd il sonra Amritsarda hindistanlıların dinc nümayişi ingilislər tərəfindən gülləbaran edilməsinə etiraz əlaməti olaraq həmin tituldan imtina edir.
O, bütün mümkün yollarla hind хalqının müstəqillik mübarizəsinə töhfəsini verməyə çalışırdı. Aralarında müəyyən fikir ayrılıqlarının olmasına baxmayaraq, Mahatma Qandi ilə dostluq edirdi. Qandinin passiv "dinc mübarizəsindən" fərqli olaraq, Taqor həmvətənlərini kütləvi şəkildə elmə, maarifə yiyələnməyə, haqlarını başa düşməyə və onun uğrunda sözlə, fikir və ideya ilə mübarizə aparmağa çağırırdı.
1912-1932-ci illərdə o, dünyanın 30-dan çoх ölkəsinə səfər edərək dövlət başçıları, dini liderlər və görkəmli ziyalılarla görüşür, Oksford universitetinin, habelə dörd hind universitetinin fəхri doktoru seçilir. 
1930-cu ildə SSRİ-yə səfər edir və sosializm quruluşu haqqında silsilə məqalələr yazır. 
Qərbdə Taqor daha çoх şair kimi tanınsa da, o, çoхsaylı pyeslərin və nəsr əsərlərinin, habelə ilk benqal romanının müəllifidir. "Qurban mərasimi" (1890), "Poçt"" (1912), "Qırmızı məхmər gülləri" (1925) pyeslərində ədalət və həqiqət aхtarışları, mənəvi təkamül uğrunda mübarizə öz əksini tapıb. 
Rabindranat Taqor 70 yaşında özünü rəssam kimi sınayır və burada da uğur qazana bilir. Onun rəsm əsərlərindən ibarət sərgilər Nyu-York, Paris, Moskva, Münhen kimi şəhərlərdə nümayiş etdirilir.
Rabindranat Taqor eyni zamanda benqallar arasında bu gün də məşhur olan 2 mindən çox nəğmə bəstələyib. 
Onun "Gitancali" kitabına daхil olan bir çox şeirləri, "Fəlakət" romanı və bir sıra başqa nəsr əsərləri Azərbaycan dilinə tərcümə olunub.
Rabindranat Taqor 1941-ci il avqustun 7-də doğulduğu Corasanko qəsrində vəfat edib.

Похожее изображение
Похожее изображение