Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
18 May , 2019

Mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur.

Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də bütün muzeylərimizdə “açıq qapı” günü elan edilir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Bu münasibətlə 18 may 2019-cu il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasının əməkdaşları fəal oxucular üçün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil etdilər.

Həmçinin Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycanın muzey tarixini və milli-mənəvi dəyərlərimizi əks etdirən sərgi keçirildi.

Foto Qalereya