Nərimanov rayon Mərkəzi kitabxanası

Nərimanov rayon MKS
Tədbirlər
19 Fevral , 2020
19 fevral 2020-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq "Dilim dillər tacıdır" adlı tədbir keçirildi.
Tədbirdə kitabxana əməkdaşları, vətənpərvər şairə, Milli-Mənəvi Dəyərlər İdarə Heyətinin üzvi Mərcan Şahbuzlu, şair Dilqəm Quliyev, Gənc Tamaşaçılar Teatrının aktirisası Xalidə Şərifova, 47, 39 və 178 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 
Tədbiri giriş sözü ilə açan aparıcı Beynəlxalq Ana Dili Günü haqqında ətraflı məlumat verdi. Daha sonra Azərbaycan dilinin tarixini və bu gün dilimizin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş tədbirləri əks etdirən video-çarx nümayiş etdirildi. 
Tədbir zamanı çıxış edən dəyərli qonaqlar şairə M.Şahbuzlu, şair D.Quliyev, aktirisa X.Şərifova və Nərimanov rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri R.Novruzova hər bir millətin maddi və mənəvi irsini qoruyan dil,  insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında ana dilinin mühüm rolu haqqında ətraflı məlumatlar verdilər. Onlar bildirdilər ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir ki, Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.
Tədbirdə iştirak edən 39, 47 və 178 saylı tam orta məktəbin şagirdləri ana dilimizə həsr edilmiş şeirlər söylədilər. 

Foto Qalereya